Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

7 May 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində yerli rəssam Məlahət İsmayılın sayca beşinci fərdi sərgisi keçiriləcəkdir.

04.05.2021

Sərgi Azərbaycan Respubliksı Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Sərgidə təqdim olunan əsərlərin hamısı orijinaldan ibarətdir və ilk dəfə burada sərgilənir.

Sərgi “ŞƏHİDLƏR ÖLMƏZ” adı ilə Ağdaş rayonu şəhidlərinin əziz xtirəsinə həsr olunub. Sərgi Vətən müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalmış Ağdaşlı igidlərin portretlərindən ibarətdir. Rəssam Məlahət İsmayıl ayrı ayrılıqda hər bir şəhidin portretini çəkmiş və bir yaradıcı insan kimi hər şəhidin portretinə individual yanaşmışdır. Otuz altı portretdən ibarət sərgidə Qarabağ savaşıyla, qəhrəman əsgərlərimizlə bağlı daha bir neçə əsər də sərgilənəcək. Ümumilikdə sərgidə əllidən çox əsər nümayiş olunacaq.

Rayonun gənc rəssamları sərgi zamanı elə yerindəcə müharibə mövzusunda sərbəst rəsmlər çəkəcəklər. Musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının lirik əsərlərini canlı olaraq ifa edib sərgini ziyarət edənləri canlı musiqiylə lirik-poetik  atmosferdə saxlayacaqlar. Sərgi boyu rayonun müxtəlif məktəblərin şagirdlərinin ifasında ədəbi bədii kompozisiyalar da nümayiş olunacaq.

Bu konsepsiyada sərgi Azərbaycanda ilk dəfədir. Ağdaş Regional Mədəniyyət İdarəsinin gələcək planlarında bu səpgidə sərgi və tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərgidə ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, gənclərlə bərabər məktəblilər də iştirak edəcəklər.

Ağdaş Regional Mədəniyyət İdarəsi müəlliflə birgə sərginin sonunda portretləri şəhid ailələrinə təqdim edəcək.

Sərgi on gün müddətində rayon sakinlərinin ixtiyarında olacaq və giriş sərbəstdir. Tədbir pandemiya dövründə operativ qərərgahın tələb və şərtlərinə uyğun olaraq keçiriləcək.

 

185.7 KB