Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında əməkdar müəllim Yaqut Mustafayevanın “Ən ali məqam” kitabının təqdimatı olub.

04.06.2021

4 iyun 2021-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında  əməkdar  müəllim Yaqut Mustafayevanın  II Vətən müharibəsində şanlı qələbənin qazanılmasında igidlik göstərərək şəhid olmuş  32 Ağdaşlı oğullarımızın döyüş yolundan bəhs edən  “Ən ali məqam” kitabının  təqdimatı olub.

Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq bildirib ki, Yaqut Mustafayevanın qələminin bəhrəsi olan və oxucuların ixtiyarına verilən  bu kitab 32 Ağdaşlı şəhidin ruhuna  böyük ehtiramdır, onların daim qəlblərimizdə əbədi yaşayacağına  sübut kimi təqdim olunan bir kitabdır. S.Feyzullayev onu da bildirib ki, kitabın müəllifi Yaqut xanım şəhidlərin hər birinə özünün sevgisini, ürək yanğısını ifadə etməyə çalışıb. Kitabda adları keçən qəhrəmanların hər biri ölümsüzlük qazanmış gənclərdir. Onlar həm də hər bir gəncə əyani nümunədir.

Ağdaş rayon Mərkəzi kitabxanasının  əməkdaşı Vüsalə Məmmədova çıxış edərək bildirib ki, bu kitabda şəhidlik zirvəsinə gedən yolun başlanğıcından sonuna kimi olan məsafəsi Yaqut xanımın qələmində oxucuya çatdırılır. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında qəhrəmanlıqla şəhadətə qovuşan Ağdaş şəhidlərinin qəhrəmanlıq dastanı sayıla biləcək bu kitab böyüməkdə olan gənc nəslin tərbiyəsində böyük bir yaddaş kitabıdır.

Tədbirdə iştirak edən Ağdaş rayon Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Ceyhun Cavadov, Azərbaycan Yazıçılar  Birliyinin   Ağdaş  rayon bölməsinin  sədri Fəxrəddin Əsəd,  Ağdaş  rayon  İcra  hakimiyyətinin məsul işçisi  Möhlüd Hacıxanov, Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Ağdaş rayon şöbəsinin sədri İsmayıl  Xudiyev çıxış edərək bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin, o cümlədən II Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran Ağdaş şəhidlərinin qəhrəmanlığı  hər zaman dillər əzbəri olacaq.

“Ən Ali Məqam”  kitabının müəllifi  Yaqut Mustafayeva çıxış edərək kitabın yazılma tarixindən söhbət açıb.O, qeyd edib ki, bu kitabı 2 aya bitirib. 32 şəhid ailəsinin hər biri ilə ünsiyətdə oldum və onların yaşadığını yaşadım, onların acısını acım bildim. Yaqut xanım onu da bildirib  ki, bu gənclər heç vaxt, heç  zaman unudulmayacaq.Heç bir tufan, heç bir boran, qasırğa, ən dəhşətli təbii fəlakətlər belə onları unutdura bilməyəcək.

 

1 MB

 

950.3 KB

 

1 MB