Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ucar və Zərdab Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Vətəndaşlıq və Vətənpərvərlik” mövzusunda videokonfrans keçirilib.

29.07.2020

İyulun 28-də Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar və Zərdab Rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərinin və  əməkdaşlarının iştirakı ilə Tovuz hadisələri, həmçinin, yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi ilə bağlı “Vətəndaşlıq və Vətənpərvərlik” mövzusunda videokonfrans  keçirilib.

Videokonfransda  Ağdaş, Göyçay, Ucar və Zərdab Rayon Heydər Əliyev Mərkəzlərinin, Muzey və Mədəniyyət Mərkəzlərinin, eləcə də Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak etmişdir.

Videokonfransda həmçinin Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova iştirak etmişlər.

Videokonfransı Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafının aktual məsələ olduğunu, bu istiqamətdə gənclər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirmişdir.

Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxış edərək  tədbirin keçirilməsində əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, onlarda dövlətimizə və Milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarət olduğunu bildirib.

Göyçay Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyeva, Mərkəzin əməkdaşı Nuranə Əzizli çıxış edərək gənclərə Azərbaycan ordusunun keçmişi, itirilmiş torpaqlarımız haqqında, Şəhidlərimiz barəsində məlumat verərək, onlarda vətənə sədaqət hissini aşılayıblar.

Tovuz Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova 12 iyul Tovuz hadisələrinin canlı şahidi olaraq həm həyacanlı, həm də qürurverici anlar yaşadıqlarını qeyd edib. O, Bildirib ki, hamı bilməlidir ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə Şəhidimizin qanı tökülüb. Bu baxımdan, Azərbaycan torpağında yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, vətən uğrunda daim hər şeyə hazır olmalıdır. Bu gün ordu quruculuğunda aparılan işlər, mətin oğulların vətənə sədaqət andı, şücaəti, nizam-intizamı, işğal altında olan torpaqlarımızın azad olunacağı gündən xəbər verir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq idealogiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi  qüdrətinin davamlı artdığını və ordumuzun gücləndiyini vurğulayıb.

Səlimə xanım vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib. Azərbaycan xalqının daim öz qəhrəmanları və qəhrəmanlıq səlnaməsi ilə seçildiyini bildirən Səlimə xanım Şəhidlərimizin keçdiyi şərəfli yolu öyrənməyin və təbliğ etməyin vacibliyini diqqətə çatdırıb.

Ağdaş  Regional Mədəniyyət İdarəsinin Ağdaş rayonu üzrə məsləhətçisi İlqar Vəliyev vətənpərvərilk mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərimizin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb.  İlqar Vəliyev vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətləri barədə gənclərə öz tövsiyyələrini bildirib.

Tədbirin sonunda Ağdaş Mədəniyyət Mərkəzinin əməkdaşı Camal Xəlilovun və Ağdaş Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyevanın söylədikləri şerlər  tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

54.2 KB

 

50.8 KB

 

42.4 KB