Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Ağdaş

Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini qeyd etmişdir.

Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır. Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.

Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.

1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1926-cı ildə ləğv edilmiş, ərazisinin bir hissəsi Şəki, bir hissəsi – Ağdaş şəhəri və Ağdaş nahiyəsi, Göyçay qəzasına verilmişdi. 1930-cu ildə Ağdaş rayonu yaradılır. Rayonun inzibati mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.