Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Göyçay

Ərazisi: 735 kv.km

Əhalisi: 114,5 min nəfər (01.01.2014-cü il)

İnzibati mərkəzi: Göyçay şəhəri

 

Göyçay Azərbaycan Respublikasının tərkibində inzibati rayondur. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Rayonun coğrafi koordinantları Bakı şəhəri ilə təxminən eynidir. Belə ki, rayon ərazisi 40*20 ilə 40*50 şimal enlikləri və 47*40 ilə 48*10 şərq uzunluqları arasında yerləşir.

Rayon ərazisi şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km məsafədə uzanır. Rayonun mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir.

Göyçay rayonu Kür-Araz ovalığında, Aran İqtisadi rayonu tərkibində olmaqla respublikamızın ayrı-ayrı fiziki coğrafi və iqtisadi rayonları ilə həmsərhəddir. Rayon ərazisi şimalda Qəbələ, şimal-şərqdə İsmayıllı, cənub-şərqdə Kürdəmir, cənubda Ucar və qərbdə Ağdaş rayonları ilə sərhədlənir.

"Göyçay" əsl türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır.

Bəzi tarixi mənbələrə görə rayonun, əsasən XV əsrdə Türkiyədən köçmüş Qaraman rəhbərliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində (1859-cu il) Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlamışdır. Bir az bundan əvvəl Potu ərazisində baş verən subasmalar nəticəsində ticarət şəbəkələri indiki şəhər ərazisinə köçürülmüşdür.

Çar höküməti Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan yaşayış məntəqəsi ilə 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycan SSRİ tərkibinə daxil olduğundan sonra 1929-cu ildə qəzalar ləğv edildi. Göyçay qəzası tərkibində indiki 7 inzibati rayonlar: Kürdəmir, Ağsu, İsmayıllı, Ucar, Zərdab, Adaş və Göyçay olmuşdur. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. Məhz Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.

Qeyd edilməlidir ki, Göyçay toponiminə Türkiyədə də rast gəlinir. Çox maraqlıdır, həm də təəccüblüdür. Adında, tarixində, indisində qədimliyi və müasirliyi yaşadan Göyçay rayonu, Göyçay şəhəri, təbiətin gözəllikləri ilə də diqqət çəkən bu bənzərsiz yurd yeri heç vaxt turizm marşurutlarına birbaşa aid olunmayıb. Doğrudur, burada qədim tarixi abidələr, ardıcıllıqla nümunə göstərilən təbiət heyranlıqları çox deyil. Ancaq belə götürəndə turizm üçün bir çox şəraitin mövcudluğunu da göstərməliyik.

Göyçayın 1700 ildən çox yaxşı vardır. Əfsuslar ki, qədim Göyçaydan əsər əlamət qalmayıb. Islamdan əvvəlki əsas şəhər qəbirstanlığı da 35-40 il əvvəl tamam dağılıb, məhv edilib. Azərbaycanda islam dininin qəbul edilib yayılmasından sonra Göyçay ərazisində binə olunasn Ərəb, Ərəbşahverdi, Mirzəhüseynli, Şəhadət, Qarabağlar, Hüngütlü, Şıxlı və s. "cavan"kəndlərin ən azı 1200 ildən çox yaşı var.

Rayon ərazisində mövcud iri yaşayış məntəqələrindən Bığır, Ləkçıplaq, Qaraməryam, Qarabaqqal, Çaxırlı, Potu, İnçə, Şəhadət, Kürdşaban, Mallı-Şıxlı və s.

Relyefi, Geoloji quruluşu

Göyçay rayonunun ərazisi iki geoloji rayona-dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryam tirəsini ( Qaraməryam uvalları), düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Rayon əarzisi əsasən Şirvan düzünün şimal kənarını əhatə edir. Rayon əarzisinin şimal hissəsini hündürlüyü 650 m olan Bozdağ tutur. Ümumiyyətlə rayonun relyefi müasir eranın (kaynozoy) III və IV geoloji dövrlərinə aiddir. (Dağlıq sahə III dövrün, düzənlik sahə IV dövrün məhsulu). Rayon ərazisinin 20 % dağlıq, qalanı düzənlikdir. Ərazinin bəzi sahələri müasir çöküntülərlə örütülmüşdür.

Ümumiyyətlə bütün rayon əarzisinin səthi gil, gillicəli torpaqlar, bəzi sahələrdə qum kimi çöküntülər 10-15 sm qalınlığında qat yaradır.

Rayon ərazisinin cənub-qərb hissəsi (Alpoud kəndi yaxınlığı) okean səviyyəsindən aşağıda yerləşir. Rayonun şimal-qərb hissəsindən başlayandan Xosrov dağı, Mirzəhüseynli dağı, Arvan dağı, Bozdağ, şəhərin şərq tərəfində Çayarxı dağı, Şıx dağı, Çıraq dağı, Törə dağı, Qaraməryam dağı, Yekəxana dağı, Şahsoltanlı və Cərmədil dağları, cənub yamacda isə Heydaralı və Gözəlçə dağları yerləşir. Bu dağlar təpəlikdən ibarət olmaqla Qaraməryam uvalları adlanır. Şiddətli yağışlar zamanı bu dağlar arasında dərələr əmələ gəlmişdir ki, bunlardan Arvand, Şıx, Çıraq, Bərk, Qaraməryam dairələri və s. göstərmək olar.

Ümumiyyətlə Göyçay ərazisində Pliosen və Antropogen süxurlar geniş yayılmışdır.

Ərazidə ən hündür sahə Arvan dağı adlanan sahədir. Buda geomorfologiyasına görə alçaq, intensiv parçalanmış qır işıqlı dağlardır. Ərazi tektonik cəhətdən son erogen mərtəbəsinin üst yarımmərtəbəyə aid edilir. Qaraməryam uvalları zonası tektonik pozulma, qırılma zonasını əhatə edir. Ərazi zəlzələyə məruz qalan zonadır. Zəlzələnin episentri rayon mərkəzindən qərb hissədə +10-15 km, Bığır kəndi zonasında I episentr, Qaraməryam zonasında +10-15 km təyin edilmə dəqiqliyi ilə seçilir. Rayonun dağlıq ərazilərində meşə örtüyü çox zəifdir.

Faydal qazıntıları

Göyçay rayonu ərazisində faydalı qazıntılar çox azdır. Buda ərazinin son geoloji erada sudan azad olması ilə əlaqələndirilir. Digər tərəfdəndə rayonun ərazisindəki faydalı qazıntılar hərtərəfli öyrənilməmişdir. Belə ki, hələ XX əsrin 60-ci illərində rayon ərazisində neft axtarışları Bığır ərazisində aparaılsa da son vaxtlara kimi nəticəsi məlum deyil. Amma müəyyən fikirlər söylənilir ki, Qəbələ-Göyçay xətti üzrə neft yataqları mövcuddur.

Rayon ərazisində əsas faydalı qazıntılar arasında əhalinin tikintidə istifadə edtiyi qum, çay daşı, çınqıl, gil, əhəng daşı kimi inşaat materialları seçilir. Həmin ehtiyatlardan tikinti materialları istehsal edən müəssisələr istifadə edirdi. Belə ki, saxsı qabıar, kərpic hazırlanmasında yol çəklişində dəmir beton işlərində istifadə olunur. Əsas yataqlar: Göyçay çayı dərəsi, Cəyirli kəndi ərazisi, Qarabaqqal kəndinin dağlıq sahələrinin gil yataqları.

Rayonun düzənlik zonasında yeraltı sular mövcuddur. Bu sulardan artezian suları kimi Qaraman, Cəyirli, Ləkçıplaq və s. kəndlərdə istifadə edilir. Göyçay-Ucar yolu kənarında, Bərgüşad yolu ətrafı kənd ərazilərində tərkibində kükürd birləşmələri olan su hövzələri vardır.

Iqlimi

Rayonun coğrafi şəraiti, ərazinin bir hissəsinin yarımsəhrada, bir hissəsinin dağ ətəyində yerləşməsi iqlimdə təsirini göstərmişdir. Buda özünə məxsus xüsusiyyətlər yaradır.

Rayonun ərazisində hakim iqlim tipi yayı quraq keçən, mülayim isti yarımsəhra və quru subtropik iqlimdir. Bu iqlim tipi özünün zəif nəmliyi mülayim qışı və isti-quru yayı ilə səciyyələnir.

Göyçay rayonu ərazisində iqlim tipini iki yerə bölmək olar; Birinciyə Göyçay şəhərindən cənubda qalan əraziləri, ikinciyə Böyük Qafqazın dağ ətəyində yerləşən kəndlərin iqlimi daxildir.

Mülayim və rütubətli hava nəticəsində Göyçay rayonunun qışı bir qədər soyuq, yayı isə isti rayonun şərq hissəsində eləcə də şimalda dağ ətəklərində yaxşı taxıl bitkiləri yetişdirilir.

Rayonun qalan ərazilərində qışda soyuq, yayda isti olur. Nəticədə quraqlığa görə ərazidə süni suvarmaya ehtiyac olur. Respublikamızın ərazisində daxil olan Dəniz Arktika hava kütlələri bizim əraziyədə təsir etdiyi dövrlərdə temperatur xeyli aşağı enir, güclü küləklər əsir, bol yağışlar yağır. Nəticədə subtropik bitkilər, əkin sahələri şaxta nəticəsində tələf olur. 1971-ci ilin yanvarın 14-dən başlayan güclü qar yağması, onun uzun vaxt ərzində donaraq yerdə qalması nəticəsində Bığır kəndi, Qarabaqqal, Qaraman və s. ərazilərdə tempratur -15* yə qədər endi. Ərazidə nar ağacları kütləvi surətdə qurudu.

Rayon ərazisində ümumi radiasiyanın illik miqdarı 125-130 kal/kv smdir. Radiasiya balansının illik miqdarı isə 45-46 kkal/kv.sm-dir. Havanın orta illik temperaturu 14,2*-dir. İlin soyuq dövründə (yanvar) +1,9*c, iyulda (isti yayda), + 26,4*c olur. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 41*-dək yüksəlir. Havanın orta illik mütləq minimum temperaturu -8* olub, il ərzində -7* ilə 16* arasında dəyişir. Rayon ərazisində müxtəlif illərdə minimum temperatur -16*c, -18*c olub. Torpaq səthinin orta illik temperaturu 17*c, yanvarın orta aylıq temperaturu 2*, iyul temperaturu isə 33* olur.

5*c-dən yuxarı olan temperaturların illik miqdarı 4400-5000*, 10*c-dən yuxarı temperaturların illik miqdarı isə 4529* təşkil edir.

Birinci payız şaxtasının orta tarixi noyabr ayının axırıncı ongünlüyünə, axırıncı yaz şaxtasının orta tarixi mart ayının ikinci ongünlüyünün axırına düşür.

Havanın orta illik nisbi rütubəti 71%, yanvar ayında 82%, iyulda 56% təşkil edir.

Yağıntının illik miqdarı 400-500 mm arasında olur. Ərazidə yağıntı əsas yaz və payız fəsillərində düşür. Səth örtüyündən 900-1000 mm mümkün buxarlanma gedir.

Yağıntının miqdarına görə rayonun iqlimi Kür-Araz ovalığının iqliminə oxşadır. Dağ ətəyi və yamaclarda yağıntı bir qədər çox olur. Ona görə də burada dəmyə əkinşiliyi inkişaf edir.

Rayon ərazisində küləyin orta illik surəti 2,0/san-dir. Ərazidə əsasən şimal və qərb küləkləri əsir. Güclü küləkli günlərin sayı (15m/san -dən çox ) 5-dir. Ağ yelli günlərin miqdarı 20-dir. Qarlı örtülü günlərin sayı 13-dür. Dolu düşən günlərin sayı 0.4-dür.

İl ərzində rayon ərazisində küləyin istiqaməti tez-tez dəyişir. İsti aylarda şərq və cənub-şərq, soyuq aylarda qərb və şimal-qərb küləkləri əsir. Qərb küləyi əsasən yağıntı gətirir.

Ən çox külək Həftaran dərəsindən, Göyçay çayının başlandığı yerdən, demək olar ki, ilin bütün fəsillərində şimaldan-cənub istiqamətinə əsir. Bu külək qışda soyuqluq, yayda sərinlik gətirir.

Dağlıq və dağətəklərində əsasən küləklər dağ-dərə küləkləri adlanır ki, buna səbəb düzən və dağlıq ərazilərin qeyri bərabər qızmasıdır.

Yazın gəlişi ilə fevralın ikinci yarısından etibarən, rayon ərazisində demək olar ki, hər gün küləklər əsir. Bu küləklər şimaldan əsməklə, yerli əhali arasında Novruz küləyi adlanır.

Ümumiyyətlə, Şirvan düzünün küləkləri Ə.A.Mədədzadənin məlumatlarında musson xarakterli külək kimi göstərilir. Küləklər kənd təsərrüfatına və ümumilikdə bitkilər üçün çox zərərlidir.

Məlumdur ki, iqlim şəraiti bu və ya digər ərazidə landşaftın formalaşmasına təsir edən mühüm amillərdən biridir.

 

Hidroqrafiya( Daxili sular)

 

Ümumilikdə Azərbaycan Respublikasının düzənlik ərazisində heç bir çay sistemi formalaşmır. O cümlədən Göyçay rayonu ərazisində mövcud çay şəbəkəsi Kür-Araz ovalığından kənarda Böyük Qafqaz dağlarından başlayan çaylardır. Rayonun daxili suları Şirvan hidroloji rayonu tərkibinə daxildir. Çaylar qar, yağış və qrunt suları ilə qidalanır. Səth sularının mexaniki və kimyəvi xassəsi lillənmə 100-500 q/kub m. , kimyəvi sinfi C/ca (kalsium- korbanatlı sular), minerallaşma 300-500 mq/l təşkil edir.

Rayon ərazisində mühüm çay Göyçay çayıdır. Çay Böyük Qafqaz dağlarının cənub yamacı çaylarına aid olmaqla bərabər Kür hövzəsinə aiddir. Şirvan düzünün tranzit xarakterli çayıdır.

Göyçay çayı Qəbələ, İsmayıllı, Ucar və Göyçay rayonları ərazisindən axır. Başlanğıcını Böyük Qafqazın Cənub ətəyindən, hündürlüyü 2435m olan Kəf dağının qərb hissəsində, Salavat aşırımının 2,5 km qərbində olmaqla Baba dağının 1980m yüksəkliyindən götürür. Çay 9m mütləq hündürlükdə Qarasuya tökülürdü. Sonralar meliorativ tədbirlərlə əlaqədar olaraq birbaşa Kür çayına birləşdirilmişdir.

Göyçay çayının ümumi uzunluğu 115km olub, su toplayıcı sahəsi 1770 kv.km-dir. Çayda su axının orta sürəti 12,5 m/san, ən yuxarı sürəti 70m/san-dir.

Göyçay çayına bir sıra çaylar tökülür. Ən əsasları Buqur, Keyniyaçay, Peşnoçay, Zaratçay, Qalacıq(uzunluğu 18km), Əyriçay(sol qolu, uzunluğu 36km), Vəndamçay(uzunluğu 36km), Qaraçay, Eliqyançay, Buynuzçay və s. İsmayıllı və Qəbələ rayonlarının sərhəddində Buynuz körpüsü yanında Göyçay çayı Həftaran dərəsinə tökülür. Sumaqlı kəndinin cənubunda çay iki paralel qola ayrılır. Yenidən Göyçay ərazisinə yaxınlaşanda ayrı-ayrı qollara və arxlara bölünür.

Çayda qidalanması 12% qar, 28% yağış, 60% yeraltı suların hesabınadır. Çayın orta illik su sərfi 12kub m/san təşkil edir ki, bunun 30-35% yaz, 20-25% yay, 18-22% payız, 15-17% isə qış fəsillərində olur.

Böyük Qafqazın cənub yamacından axan çaylar arasında Göyçay çayı asılı gətirmələr həcminə görə yalnız Türyançaydan geri qalır. Çayın asılı gətirmələr sərfi 35kq/san və yaxud bir ildə orta hesabla Şirvan düzünə bir milyon ton lil gətirir. Orta lillənməsi isə 2700q/kubm-dir. Asılı gətirmələrin 45-65% aprel və mayda, 15-30% isə sentyabr və oktyabr aylarına təsadüf edir. Çay suyunun tərkibi hidrokarbonatlı-kalsiumlu olmaqla 250-500mq/l minerallaşmaya malikdir.

Göyçay çayı rayonun həyatında aparıcı rol oynayır. Belə ki, rayon əhalisi bütün sahələrdə(məişət, kənd təsərrüfatı və s.) bu sudan faydalanır. Eləcədə Göyçay və Ucar rayonlarının 35 min ha torpaq sahəsi bu su ilə canlanır.

Çayda su azalanda Qəbələ rayonu ərazisində tikilmiş Nöhurqışlaq su anbarı çayı su ilə təmin edir.

Rayon ərazisində ikinci uzun çay Arvan çayıdır. Başlanğıcını şəhərdən 12km aralıdan başlayan Arvan çayı (Arvan dağından) yazda tez-tez daşqınlar yaradırdı. Bunun qarşısını almaq üçün 1972-1980-cı illərdə onun üzərində bənd quruldu və suyu Göyçay çayına axıdıldı. Çay ilin isti dövrlərində quruyur.

Rayon ərazisində mövcud çaylardan biri Göyçay çayının qolu olan Şilyan çayıdır.

Rayonun qərbindən başlayaraq şərq istiqamətində axan Yuxarı Şirvan kanalı keçir. Başlanğıcını Mingəçevir su anbarından götürən kanalın uzunluğu 123 km-dir. Rayon ərazisində suvarma suyuna böyük ehtiyacı nəzərə alaraq Göyçay çayından Bığır, İnçə (Xan arxı), Qantarma (Qarabaqqal), Çayarxı, Potu, Mirzəhüseynli və s. arxlar çəkilmişdir.

Hal-hazırda rayon ərazisində təbii göllər yoxdur. Yalnız Alpoud kəndi yaxınlığında çox kiçik gölməçələr qalmışdır. Amma süni yollarla bir neçə göllər vardır. 1949-50-ci illərdə rayonun şimali-şərq hissəsində yerləşən əraziləri su ilə təmin etmək məqsədi üçün əhalinin köməkliyi sayəsində Aşıq Bayramlı süni gölü yaradılmışdır. Oradan gələn su ilə 1200ha ərazi suvarılır. İkinci belə göl Yekəxana su anbarıdır.

Rayon ərazisində Çərəkə və Şəkili kəndlərində kiçik göllər yaradılıb. Çərəkə gölü çox vaxt Xurma göl adlanır.

Düzənlik ərazilərdə qrunt suları mövcuddur. Göyçayda qrunt konusunda 1,5-2 metrdir. Rayondan Ucara gedən yolun ətrafında bir neçə bulaqlar vardır.

Keçmişdə rayon ərazisində çoxlu sayda bataqlıq ərazilər olub. Hazırda onların əksəri qurudularaq yararlı hala salınmışdır.

 

Torpaq örtüyü

 

Şirvan torpaqlarının müxtəlifliyi Göyçay rayonunda da özünü göstərir. Düzənliyin dağətəyi sahəsində açıq-şabalıdı və boz-qonur(Qaraməryam, qarayazı, Bığır və s.), çayın gətirmə konuslarında açıq-çəmən, boz-qonur torpaqlardır. Ərazinin bir hissəsində boz-çəməndən ibarət gilli torpaqlar vardır. İqlimi daha quru və isti olan, eləcədə yeraltı suların səthə yaxın olması nəticəsində bir sıra cəmən və torpaqlar şoranlaşmışdır. Səbəblərdən biri odur ki, rayonun cənub hissəsi qədimdə Xəzər dənizinin körfəzi olmuşdur. Torpağın alt qatlarında olan küllü miqdarda duz yeraltı sular vasitəsilə üst qatlara çıxır, sonra su buxarlanır, duz isə ağ təbəqə kimi torpağın üzərində qalır. Torpağın şoranlaşmış üst qatı açıq rəngdə, fiziki tərkibi nisbətən boş, quruluşu isə layabənzər olur.

Rayonun torpaq örtüyünün bir hissəsi boz rəngə çalır. Bu cür ərazilərdə yağış yağan zaman güclü nəmişlik olur və burada tünd çəmən, lil-bataqlıq örtüyü əmələ gəlir.

Rayon ərazisindəki subasar yerlərdə çoxlu sayda çalalara təsadüf edilir. Ucar vəKürdəmir rayonlarının sərhədlərinə yaxın yerlərdə yerləşən bu çalalar şoran olur. Əsasən belə torpaqlar rayonun cənubundadır.

Bitki örtüyü

Relyefin, iqlim şəraitinin, torpaq örtüyünün rəngarəngliyi rayon ərazisində çoxlu sayda müxtəlif bitkilərin yetişməsinə şərait yaratmışdır. Şirvan düzündə olduğu kimi rayon ərazisində də çala ərazilərdə nəmlənmə şəraiti, Qrunt suları ilə əlaqədar olduğu üçün tala-çəmən bitkiləri inkişaf etmişdir.

Dağətəyi maili prolüvial-delüvial düzənlikdə ağot, şiyav, yovşan, taxılkimilər və müxtəlif otlar, cır nar, qaratikan, böyürtkan, iydə və s. bitki qrupları inkişaf etmişdir.

Göyçay çayı gətirmə konusarası çökəkliklərdə qrunt sularının səthə yaxın olmasının təsiri ilə bataqlıq və şoran bitkiləri, söyüd, yovşan, yarğan və qobularda yulğun, böyürtkan və rütubətsevən otlar yayılıb.

Rayonun şoran torpaqlarında əsasən yarımsəhra bitkilərinə rast gəlinir. Dağlıqların yüksək hissələrində bitki bitmir. Rayon ərazisinin torpaqları o qədərdə məhsuldar olmasada, nisbətən məhsul yetişdirməyə yaxşıdır. Belə ərazilərdə bir çox subtropik və texniki bitkilər əkilir.

Yaz və payızda yağışlardan sonra müvəqqəti canlanma nəticəsində Bığır, Qarayazı, Qarabaqqal, Qaraməryam ərazilərinin dağ döşlərində müxtəlif bitkilər inkişaf edir, paxlalı və yem bitkiləri yetişdirilir.

Ümumiyyətlə rayonun cənubunda pambıq, çəltik, üzüm bağları üstünlük təşkil edir.

Dağlıq və dağətəyi ərazilərdə təbii yolla bitən yemişan, əzgil, sumaq, cır nar, zoğal, kəklikotu üstündür. Yuxarı Şirvan kanalının aşağı tərəflərində birillik şorangələr, qışotu, yağlı və sodalı şorəngə, duzlaq coğan qamantus, yovşan, cənub söyüdü, ağyarpaqlı qovaq, qarağac, yulğun, iydə və s. bitir.

Rayon ərazisində vaxtilə təbii meşələr olmuşdur. Hazırda xeyli azalıb. 1949-50-ci illərdə Göyçay-Ucar arası yolun kənarında meşə zolağı vardı. Burada alma, armud, alça, gavalı, iydə, nar, qoz, palıd, qovaq, ağcaqayın, vələs və s. vardı.

Göyçay rayonu respublikamızda özünün narı, alçası, gilası, ənciri, innabı, heyvası, xurması ilə fərqlənir.

Amma Göyçayı bütün respublikamızda təbii gözəlliyi ilə tanıdan onun xan çinarlarıdır.

Heyvanlar aləmi

 

Rayon ərazisində heyvanlar aləmi bir o qədər də zəngin deyildir. Ərazidə relyefin cənubdan şimala doğru-yarımsəhradan alçaq dağlığa dəyişməsi heyvanat aləminin formalaşmasınada təsir etmişdir. Dağətəyi sahələrdə meşə dələsi, qaban, yenot(xəz dərisinə görə XX əsrin 70-ci illərində Cənubi Amerikadan gətirilib dağlıq əraziyə buraxılıb, hazırda artıb və təsərrüfata ziyan vurmaqdadır), çaqqal, kaftar, qırqovul, qaraqarın, bağrıqara, canavar yayılmışdır.

Dağətəyi yarımsəhralarda və düzənliklərdə qırmızıquyruq qumsiçanı, kaftar, kəklik, bəzgəg, çobanalladan, qaz, qamış pişiyi, qırqovul, turac, dovdağ, ördək, leylək və vağlar vardır.

Rayon ərazisi üçün tipik heyvanlardan canavar, tülkü, dovşan, gəlincik, sərçə, qarğa, sağsağan, dağ göyərçini, sürünənlərdən adi gürzə, qılquyruq gürzə, koramal, su ilanı, qızıl və şahmar ilan, kərtənkələ, quru və su tısbağaları yaşayır.

Su hövzələrində az da olsa balıqlar, çoxlu həşəratlar, çəyirtkələr vardır.

Rayonumuzun İsmayıllı yasaqlığı ilə qonşu ərazilərində olan flora və fauna qorunur.