Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Zərdab

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq hesabat ilində rayonumuzda xeyli iş görülmüş, bütün sahələrdə sosial-iqtisadi göstəricilər yaxşılaşmış, əhalini narahat edən problemli məsələlərin çoxu öz müsbət həllini tapmışdır. 2012-ci ilin 7 oktyabrında ölkə Prezidentinin rayona səfəri, görülən işlərlə tanış olması, bir sıra obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə görüşməsi və rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə tədbirlər haqqında müvafiq sərəncam imzalaması növbəti ildə zərdablıları daha yaxşı işləməyə ruhlandırmışdır.
2013-cü ildə rayonda aqrar sahənin inkişafına diqqət daha da artırılmış, əkin dövriyyəsinə daxil edilmiş torpaqların sahəsi 33741 hektara çatdırılmış, əkin sahələrinin 50,8 faizini dənli bitkilər, 46,2 faizini yem bitkiləri, 1,4 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir.
Fermer təsərrüfatlarının inkişafı istiqamətində müəyyən işlər görülmüş, 2013-cü ildə onların sayı 44-ə çatmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası istiqamətində işlər hesabat ilində də davam etdirilmiş, 2013-cü ilin məhsulu üçün 17134 hektar sahədə taxıl, o cümlədən 5811 hektar sahədə arpa, 11323 hektar sahədə buğda əkilmiş, sahələrdən 15422 ton arpa, 31675 ton buğda, cəmi biçilmiş 17134 hektar sahədən 47097 ton taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 27,5 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 1,7 sentner çoxdur. Ümumi məhsul istehsalı əvvəlki ilə nisbətən 8048 ton artıq olmuşdur.
2013-cü ildə taxılçılıq sahəsində toxumçuluq üzrə 5 təsərrüfat fəaliyyət göstərmiş, 476 hektar sahədə toxumluq taxıl əkilmiş, fiziki çəkidə 684 ton toxum istehsal edilmişdir.
2013-cü ildə 475 hektar sahədə çiyid səpini aparılmış, əkilmiş sahələrdən 132,7 ton pambıq istehsal olunmuş, hər hektardan məhsuldarlıq 2,8 sentner təşkil etmişdir.
Hesabat ilində 135 hektardan 2304 ton kartof, 150 hektardan 2220 ton tərəvəz, 253,5 hektardan 8017 ton bostan məhsulları istehsal olunmuş, hər hektardan məhsuldarlıq əvvəlki ilə nisbətən kartofda 1,4 sentner, tərəvəzdə 2,4 sentner, bostanda 3,1 sentner çox olmuşdur.
Heyvandarlığın inkişaf etdirilməsi, onun yem bazasının möhkəmləndirilməsi üçün 2013-cü ildə rayonda xeyli iş görülmüşdür. 01 yanvar 2014-cü il vəziyyətinə rayonda iribuynuzlu mal-qaranın sayı ötən ilə nisbətən 208 baş artaraq 54048 başa, qoyun-keçilərin sayı 598 baş artaraq 111123 başa, quşların sayı 1634 baş artaraq 187748 başa, ət istehsalı 48 ton artaraq 4344,7 tona, süd istehsalı 6700 ton artaraq 31766 tona, yumurta istehsalı bir min ədəd artaraq 8056 min ədədə, yun istehsalı 0,5 ton artaraq 164,5 tona çatmış, bu sahədə müəyyənləşdirilmiş bütün proqnoz tapşırıqlara əməl edilmişdir. İl ərzində 937 baş inək və düyələrdə süni mayalama aparılmış, 784 baş cins bala alınmışdır ki, bu da əvvəlki ildəkindən 50 baş çoxdur.
15593 hektar sahədən 112782 ton yonca otu tədarük edilmişdir.
2013-cü ildə rayon əhalisinin quş ətinə və yumurtaya olan ehtiyacını ödəmək üçün "Turac-2008" MMC fəaliyyətini genişləndirmiş, əhaliyə 10810 baş inkubasiya cücəsi satılmışdır ki, bu da 2012-ci ildəkindən 950 baş çoxdur.
Dövlət Proqramına uyğun olaraq rayonda balıqçılığın, arıçılığın inkişaf etdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilmiş, Lələağacı kəndi ərazisində 1 balıqçılıq təsərrüfatı yaradılmış, arı təknələrinin sayı 472 ədədə çatdırılmışdır ki, bu da Dövlət Proqramında nəzərdə tutulan proqnoz tapşırıqdan 121 ədəd çoxdur.
2013-cü ildə kənd təsərrüfatı məhsulları istehsalının artımına nail olmaq üçün əkin sahələrinin suvarılmasına diqqət artırılmış, 33741 hektar sahəyə Suvarma Sistemləri İdarəsinin 71 ədəd nasos stansiyasının 165 aqreqatı vasitəsilə xidmət göstərilmişdir. 472 km uzunluğunda kanallar lildən təmizlənmiş, 22,6 km nov kanalları əsaslı təmir olunmuşdur. Ölkəmizdə ilk dəfə Zərdabda Gəlmə kəndi ərazisində 1000 metr uzunluğunda şüşə lifli lotok kanal çəkilmişdir. 27 ədəd nasos, 16 ədəd elektrik mühərriki, 2 ədəd güc transformatoru, 2 ədəd dizel mühərriki təmir edilmiş, Gödəkqobu, Təzəkənd, Bıçaqçı, Xanməmmədli nasos stansiyalarında təmir işləri aparılmışdır.
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi kənd təsərrüfatı obyektlərini və yaşayış məntəqələrini daşqın və sel sularından qorumaq məqsədilə 2013-cü ildə rayon ərazisində Kür çayının sol sahili boyunca Sarıqaya, Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Qoruqbağı, Bıçaqçı və digər kəndlərdə 254,2 min kubmetr həcmində bəndbərkitmə və qayakəsmə, 3058 kubmetr həcmində betonlama, 1202 kubmetr həcmində fasınla sahilbərkitmə işləri aparmışdır.
Hesabat ilində Regional Meşəsalma Müəssisəsi tərəfindən 60 hektar sahədə 99 min ədəd müxtəlif növ ağaclar əkilməklə meşə zolağı salınmış, 3,5 hektar sahədə səpin, 1 hektar sahədə kökləndirmə şöbələri yaradılmış, 1445 kq toxum tədarük edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 90 min ədəd ağac əkmək təşəbbüsünü irəli sürən zərdablılar öz vədlərinə əmək edərək 2013-cü il ərzində rayonun inzibati ərazilərində magistral avtomobil yollarının kənarlarında, rayondaxili yolların kənarlarında və kəndlərin ərazisində ümumilikdə 108 mindən çox müxtəlif cinslərdən olan ağaclar əkmişlər.
2013-cü ildə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı tərəfindən kənd təsərrüfatı ilə məşğul olan fermerlərə 56 adda texnika vasitəsilə xidmət göstərilmişdir. 2317 hektar sahədə şum, 573 ha sahədə ot biçini, 4318 hektar sahədə taxıl biçini, 5375 hektar sahədə səpin aparılmış, 419,5 ton güzəştli azot gübrəsi, 645 litr amin duzu satılmış, lizinq yolu ilə güzəştli kreditlə 16 ədəd müxtəlif markalı traktor, 16 ədəd kotan, 8 ədəd taxılsəpən alınaraq sahibkarlara verilmişdir. Kombaynların azlığı müəyyən problemlər yaratsa da taxıl biçini Zərdabda birincilər sırasında başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" 2013-cü ilin 25 dekabr tarixli sərəncamı zərdablı fermerlər tərəfindən dərin razılıq və ölkə rəhbərinə minnətdarlıq hissi ilə qarşılanmışdır.
Rayon Baytarlıq İdarəsi tərəfindən heyvanlar arasında qara yara, dabaq, vərəm, çiçək, brusellyoz xəstəliklərinə qarşı mübarizə tədbirləri aparılmış, rayon Bitki Mühafizə İdarəsi tərəfindən kənd təsərrüfatı bitkilərinin zərərvericilərdən və müxtəlif xəstəliklərdən qorunması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir.
Ötən il rayonumuzda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi, bütövlükdə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına və makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir.
Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində 99 milyon 882 min manatlıq məhsul və xidmətlər istehsal olunmuş, əvvəlki ilə nisbətən artım 3 milyon 116 min manat və ya 3,4 faiz olmuşdur. İstehsal olunmuş məhsul və xidmətlərin 49,3 faizi kənd təsərrüfatının, 15,3 faizi ticarət və xidmətin, 32,7 faizi tikintinin, 1,3 faizi sənayenin, 1,0 faizi nəqliyyatın, 0,4 faizi poçt və rabitə sahələrinin payına düşmüşdür.
Həyata keçirilən tədbirlər nəticəsində 2013-cü il ərzində rayonda 329 yeni iş yeri yaradılmışdır ki, bunların 100%-i daimi iş yerləridir. Son 10 il ərzində rayonda ümumilikdə 8000-dən çox yeni iş yeri açılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayon iqtisadiyyatının ayrı-ayrı sahələrindəki dinamik inkişaf meylləri iqtisadiyyatın əsas göstəricisi olan rayon büdcəsinin də əhəmiyyətli dərəcədə artmasına zəmin yaratmışdır.
2013-cü il ərzində rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən pərakəndə ticarətdə 48 milyon 665 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox, topdansatış ticarətdə 130,6 milyon manatlıq istehlak malları satılmışdır. Adambaşına bir günlük əmtəə dövriyyəsi 2,39 manat olmuşdur.
İl ərzində Rayon Məşğulluq Mərkəzində 217 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 183 nəfər Mərkəzin göndərişi ilə rayonun müxtəlif idarə və təşkilatlarında işlə təmin olunmuşlar.
Respublikanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi sahibkarlığın inkişaf etdirilməsi üçün cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq hesabat ilində rayonda bu sahənin inkişafına diqqət daha da artırılmış, vaxtaşırı olaraq sahibkarlarla görüşlər keçirilmiş, onları narahat edən məsələlər öyrənilmiş və həlli üçün konkret tədbirlər görülmüşdür.
İl ərzində 263 fiziki, 14 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlamışdır.
Həyata keçirilən tədbirlər nəticəsində şəhər mərkəzində və ayrı-ayrı inzibati ərazilərdə tikilən 50-dən çox müasir standartlara cavab verən kommersiya, ictimai-iaşə və digər təyinatlı sahibkarlıq obyektləri şəhərin sosial mənzərəsini xeyli gözəlləşdirmişdir.
2013-cü il ərzində rayonda sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə irimiqyaslı mühüm tədbir keçirilmiş, Ulu Öndərin 90 illik yubileyi ərəfəsində Məmmədqasımlı kəndində sutkada gücü 50 ton olan yeni un dəyirmanı istifadəyə verilmişdir.
"Korporativ idarəetmə", "Biznes planlarının hazırlanması", "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında çıxışlar dinlənilmiş və təqdimatlar keçirilmiş, iştirakçılara məlumat kitabçaları və digər metodiki vəsaitlər paylanılmışdır.
9 saylı Göyçay Ərazi Vergilər İdarəsinin nümayəndələrinin iştirakı ilə vergi ödəyicilərinin və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi məcəlləsindəki dəyişiklər barədə məlumatlandırılması məqsədilə seminarlar təşkil olunmuşdur.
Əhalinin Sosial Müdafiəsinin gücləndirilməsi həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Son illərdə dövlət büdcəsinin sosial yönümlü olması və Dövlət başçısı tərəfindən bu sahə üzrə imzalanmış fərmanlar, sərəncamlar və qəbul edilmiş digər normativ-hüquqi sənədlər bu sahəyə dövlət qayğısının artırılmasının bariz göstəricisidir.
2013-cü il ərzində əhalinin aztəminatlı hissəsinin rifahının yaxşılaşdırılması məqsədilə ünvanlı sosial yardımın verilməsi davam etdirilmiş, il ərzində 693 ailəyə 84,4 min manat dövlət yardımı verilmişdir.
Hesabat ilində aztəminatlı təbəqənin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində rayonda xeyli iş görülmüşdür. Dövlət tərəfindən onlara ayrılmış pensiya, təqaüd və müavinətlərin vaxtında hesablanıb ödənilməsi təmin olunmuşdur. 
Ötən il rayonda poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılmışdır. Telekommunikasiya Qovşağının və Poçtamtın inzibati binasında əsaslı təmir işləri aparılmış, binanın dam örtüyü və fasad hissəsi yenidən qurulmuşdur.
Qovşaq üzrə tarif gəliri proqnozuna 109,7 faiz əməl edilmişdir. Mərkəzi Avtomat Telefon Stansiyasının fiber-optik kabelə qoşulması başa çatdırılmışdır. Rayonun kənd Elektron Avtomat Telefon Stansiyalarında abonentlərin sürətli internet xidmətindən istifadə etmələri üçün lazımi şərait yaradılmışdır.
Sürətli internet xidmətindən istifadə vəziyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mərkəzi Elektron Avtomat Telefon Stansiyalarında xüsusi avadanlıqların montaj tutumu 1233-ə, yüksək sürətli internet xidməti istifadəçilərinin sayı 975 nəfərə çatdırılmışdır.
Zərdab Poçt filialı tarif gəliri proqnozuna 100,9 faiz əməl etmişdir.
Hesabat ilində rayonda tikinti-quruculuq işləri genişləndirilmiş, xüsusilə yol təsərrüfatının yenidən qurulması istiqamətində analoqu olmayan işlər görülmüşdür.
2013-cü ildə şəhərdaxili yolların təmiri və asfaltlaşdırılması işləri davam etdirilmişdir. Hesabat dövründə 0,059 kvadratkilometr və yaxud 13,1 km şəhərdaxili yollara çınqıl döşənmişdir. 0,012 min kvadratkilometr şəhərdaxili yola asfalt örtük vurulmuşdur ki, bunun əsas hissəsi şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar qazılmış küçələrə podratçı təşkilat "Hidro-Lotus" tərəfindən həyata keçirilmişdir.
Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 0-26 km hissəsində tikinti işləri başa çatdırılmış, yola müasir standartlara cavab verən ikinci qat asfalt örtük döşənmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2012-ci il tarixli 374s saylı sərəncamına əsasən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manat vəsait ayrılmışdır. Hesabat dövründə 6 milyon 382 min manatlıq iş görülmüş, ayrılan vəsait həcmində işlər başa çatdırılmışdır. Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi tərəfindən orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində ümumilikdə 1 milyon 583 min manatlıq iş görülmüşdür.
Rayon Polis Şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Açılış mərasimində Respublika Daxili İşlər nazirinin müavini cənab Əsgər Ələkbərov iştirak etmişdir.
Hazırda "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq idarəsinin binası, Suvarma Sistemləri İdarəsinin həyətində regional ofis binası, süd məhsulları emalı zavodu istifadəyə tam hazırdır. 17 kənddə su birlikləri üçün inzibati binalar tikilmişdir.
2013-cü ildə rayon ərazisində sahəsi 4971 kvadratmetr olan 46 mənzil tikintisi aparılmışdır.
Ümumilikdə 2013-cü ildə rayon üzrə tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 32,6 milyon manat təşkil etmişdir.
2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ilkin layihəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Zərdab rayonu ilə bağlı 86 bənddən ibarət təkliflər nəzərdən keçirilmiş, o cümlədən rayon üzrə 40 kilometrə qədər kəndarası yolların asfaltlaşdırılması nəzərdə tutulmuşdur.
Ötən il ərzində rayonda əhalinin və digər istehlakçıların elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatında xeyli işlər görülmüşdür.
Rayonun təbii qaz təminatı sisteminin yaxşılaşdırılması və kəndlərin qazlaşdırılması sahəsində işlər il ərzində davam etdirilmişdir.
Hesabat dövründə rayonun Dəli Quşçu və Dəkkəoba kəndlərinin və Kür çayının daşmasından ziyan çəkmiş rayon əhalisi üçün salınmış yeni qəsəbədə Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş 71 yaşayış evinin, 2014-cü ilin əvvəlində isə Gəlmə və Salahlı kəndlərinin qazlaşdırılması təmin olunmuşdur.
Rayonun Pərvanlı kəndində 20741 paqonometr, Yarməmmədbağı kəndində 17674 paqonometr, Lələağacı kəndində 8991 paqonometr, Gödəkqobu kəndində 23934 paqonometr, Məmmədqasımlı kəndində 28810 paqonometr, İsaqbağı kəndində 6830 paqonometr, Böyük Dəkkə kəndində 5609 paqonometr, Qoruqbağı kəndində 10000 paqonometr müxtəlif diametrli borularla qaz xətti çəkilmişdir.
Qaz xətti çəkilmiş kəndlərdə 623 fərdi qaz tənzimləyicisi və sayğac quraşdırılmışdır.
İl ərzində əhali üzrə 4 milyon 633 min kubmetr qaz istehlak olunmuş və dəyəri 101,2 faiz ödənilmişdir.
2011-ci ildə Zərdab şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması tədbirlərinin icrasına başlanılmışdır. Rayonun Dəli Quşçu kəndinin yaxınlığında çirkab təmizləyici terminalın tikintisinə başlanılmış, mərkəzi su anbarının köhnə binasının sökülməsi işləri, eləcə də şəhər ərazisində içməli su xəttinin və kanalizasiya sisteminin qurulması istiqamətində xeyli iş görülmüşdür və bu işlər hazırda da davam etdirilir.
"Hidro-Lotus" MMC tərəfindən 2013-cü il ərzində müxtəlif diametrli borularla 28941 metr şəhərdaxili su xətti çəkilmişdir.
Abonentlərə 3108 ədəd ev bağlantısı verilmiş, 2233 ailə fasiləsiz içməli su ilə təmin olunur. İşlər hazırda davam etdirilir. 
İl ərzində istehlak olunan suyun dəyəri 92,8 faiz, əhali üzrə 72,6 faiz ödənilmişdir.
Kənd əhalisinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlki illərdə qurulmuş modul tipli sutəmizləyici qurğuların bulaqlarında təmir işləri aparılaraq tam yararlı hala salınmışdır.
Hesabat ilində şəhərdə təmizlik və səliqə-sahman işlərinin aparılması, məişət tullantılarının vaxtında daşınması və kənarlaşdırılması sahəsində xeyli irəliləyiş müşahidə olunmuş, şəhər təsərrüfatının işinin təşkili yaxşılaşmışdır.
Kommunal Müəssisələri Kombinatının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, 7 adda müxtəlif təyinatlı yeni texnikalar, 150-yə qədər zibil qutuları alınmış, şəhərin əksər küçələri zibil tullantıları üçün xüsusi qablarla təmin olunmuşdur.