Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Zərdab

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində bütün regionlarda, o cümlədən Zərdab rayonunda bu sahənin inkişafı üçün zəruri tədbirlər görülmüş və uğurlu nəticələr əldə edilmişdir.
2013-2014-cü tədris ilində rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam, 9 ümumi orta, 6 ibtidai, 19 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmiş, 43 ümumtəhsil məktəbində 6812 nəfər şagird təhsilə cəlb olunmuş, məktəbəqədər müəssisələrdə 790 nəfər uşaq təlim-tərbiyə ilə əhatə olunmuş, 5 məktəbdənkənar müəssisədə 69 qrupda 919 nəfər şagirdə xüsusi istedad və bacarıqlarını inkişaf etdirmək üçün lazımi şərait yaradılmışdır. Son illərdə Respublika Prezidentinin Sərəncamı ilə müəllimlərdən 7 nəfəri "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, 4 nəfəri "Tərəqqi" medalı ilə, 3 nəfəri Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. 2013-cü ildə isə Gəlmə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Minəgül Əliyeva Respublika Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
2013-cü ildə ali məktəblərə qəbul üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ərizə vermiş məzunlardan 117 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə isə 135 nəfər ali məktəblərə qəbul olmuşdur. 2012-ci ildə bu göstərici 102 nəfər olmuşdur. 6 nəfər məzun 600-dən çox bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olmuşlar.
Ölkə Prezidentinin tapşırığına əsasən builki qəbul imtahanları bölgələrdə də təşkil olunmuşdur. Bizim məzunlar Ağcabədi rayonunda imtahan vermişlər. Onların Ağcabədi rayonuna təhlükəsiz və hər cür tibbi-texniki şərait yaradılmaqla pulsuz aparılıb-gətirilməsi rayon rəhbərliyi tərəfindən təşkil olunmuşdur.
2013-cü ildə respublikamızda keçirilən müxtəlif olimpiada və müsabiqələrdə fəal iştirak edən məktəblilərimizdən 1 nəfər olimpiadaların Respublika turunda 3-cü yeri, 1 nəfər İsveçdə keçirilən Beynəlxalq şahmat turnirində 3-cü yeri, 1 nəfər "Uşaq və Yeniyetmələrin elmi-texniki yaradıcılıq Respublika baxış müsabiqəsində 2-ci yeri, 1 nəfər məktəblilərin Respublika spartakiadasında 2-ci yeri, Gəlmə kənd tam orta məktəbinin stolüstü tennis komandası isə Respublika çempionatında 2-ci yeri tutmuşdur.
Hesabat ilində Respublika Prezidentinin təsdiq etdiyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası istiqamətində xeyli iş görülmüş, hazırda ümumtəhsil məktəblərində 320 ədəd müasir tipli kompüter quraşdırılmışdır. Rayonun 10 məktəbi internet şəbəkəsinə qoşulmuşdur.
13 sentyabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyəti tərəfindən 326 nəfər aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəblilərə 30 min manat dəyərində məktəbli forması, o cümlədən kostyum, köynək, ayaqqabı, corab, qalstuk və 11 adda məktəb ləvazimatları verilmişdir.
Hesabat dövründə rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı" Dövlət Proqramının icrası uğurla davam etdirilmişdir. Dövlət vəsaiti hesabına Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmiş, Təhsil Şöbəsinə ayrılmış təmir xərcləri hesabına Körpükənd, Kəndəbil kənd tam orta məktəblərində cari təmir işləri aparılmış, şəhər 3 nömrəli, Məmmədqasımlı kənd tam orta, Nəzəralılı kənd ibtidai məktəblərində yeni su hovuzları tikilmiş, sanitar qovşaqları yenidən qurulmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son 10 ildə rayonda 16 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb əsaslı təmir edilmişdir. Həmin məktəblərdən ikisi Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana, yeni məktəb" layihəsi çərçivəsində Fondun hesabına tikilib istifadəyə verilmişdir.
Hesabat ilində rayonda 19 körpələr evi - uşaq bağçası fəaliyyət göstərmiş, bu müəssisələrdə 790 nəfər uşaq təlim-tərbiyəyə cəlb edilmiş, onların təlim-tərbiyəsi ilə 123 nəfər pedaqoji, 19 nəfər tibb işçisi məşğul olmuşdur. Müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüş, il ərzində 3 nömrəli şəhər körpələr evi-uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, Böyük-Dəkkə kənd körpələr evi-uşaq bağçasının yenidən qurulması və əsaslı təmiri işləri aparılmış, bağçanın bütün inventar və avadanlıqları yeniləri ilə əvəz edilmişdir.