Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimov Göyçay rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində olmuşdur.

30.11.2021

30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimov Ağdaş Regional Mədəniyyət İdarəsində və Göyçay rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində olmuşdur.

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun və Xalq artisti Valeh Kərimovun iştirakı ilə Rəsul Rza adına Göyçay rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının kollektivi ilə görüş zamanı teatrın repertuarı və qarşıda duran vəzifələr müzakirə olunmuş, zəruri tövsiyyələr verilmişdir. Sonra Göyçay rayon Qaraməryəm kənd Sənətkarlıq klubunun müdiri Ellada Rüstəmovanın 65 yaşının tamam olması və təqaüdə çıxması ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, Xalq artisti Valeh Kərimov, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəis müavini Sahib Şükürov və MİHİ Göyçay rayon Komitəsinin sədri Nəriman Məlikov Ellada Rüstəmovaya uzun illər mədəniyyət sahəsində çalışması və səmərəli fəaliyyəti ilə əlaqədar öz minnətdarlıqlarını bildirərək, ona ən xoş arzularını çatdırmışlar. Sonra Ellada Rüstəmovaya Ağdaş Regional Mədəniyyət İdarəsinin və MİHİ Göyçay rayon Komitəsinin “Fəxri Fərman”ı və hədiyyələr təqdim olunmuşdur.

Daha sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov və Xalq artisti Valeh Kərimov Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində olmuşlar. Mərkəzi kitabxanada təşkil olunmuş sərgilər və fondda saxlanılan ədəbiyyatlarla tanış olan Səxavət Məmmədov və Valeh Kərimov kitabxanaçılara öz fəaliyyətlərində uğurlar arzulamışlar.