Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin Şəhidi Polkovnik- leytenant Atəm Əliyevin ailəsi və qazi Murad Səfərəliyev ilə görüş keçirilib.

23.09.2021

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 27 sentyabr “Anım Günü” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.

23 sentyabr 2021-ci il tarixində Ağdaş Rayon Mərkəzi Kitabxanasının  oxu  zalında  27 sentyabr – “Anım  Günü” ilə əlaqədar Vətən müharibəsinin Şəhidi  Polkovnik- leytenant  Atəm  Əliyevin ailəsi  və qazi Murad Səfərəliyev ilə görüş keçirilib.

İlk öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev bildirib ki, 27 sentyabr -  Azərbaycan Respublikasında Şəhidlərin xatirəsinin anım günüdür. Anım Günü  Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.

Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağdaş bölməsinin sədri İsmayıl Xudiyev 44 günlük müharibə dövründə Azərbaycan xalqının  birliyindən,  güclü  vətənpərvərlik  hissindən, xalqımızın orduya və Ali Baş Komandana bəslədiyi rəğbətdən  söhbət açıb. Məktəblilərdən  Murad Yusiflinin, Osman Qocayevin və Səna  Heydərlinin ifasında şəhidlərə həsr olunmuş  şeirlər  səslənib.   Daha sonra Atəm Əliyevin həyat yoldaşı  Xəyalə xanıma və övladlarına söz verilib. Xəyalə xanım bildirib ki, Atəm gözəl və qayğıkeş bir ailə başçısı idi. Atəm təkcə 44 günlük müharibədə deyil, həm də 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşlərində də ön cəbhədə  vuruşmuşdur. Atəm oktyabrın 2-də şəhid olmuş, nəşi 4 aydan sonra  tapılmış və dəfn olunmuşdur. Şəhidin oğlu Vaqif atası ilə qürur duyduğunu  və onun yolunu davam etdirəcəyini bildirib.

Qazi, baş leytenant, Murovdağ istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərmiş  Murad Səfərəliyev döyüş xatirələrindən söhbət açaraq bildirib ki, Atəm müəllim mənim komandirim olub. Bizim onunla  bir yerli kimi, çox xoş münasibətimiz var idi. Atəm gözəl  və qayğıkeş insan, bacarıqlı hərbçi olub. Qazi Murad Səfərəliyev müharibə dövründə hərbçilərlə olan xatirələrini tədbir iştiraçkıları ilə bölüşüb.

Ağdaş şəhidlərinin xatirəsini  əbədiləşdirmək üçün inşa edilən  Şəhid Bulaqlarına,  şəhidlərin məzarlarının ziyarətinə və 3000 şəhid qardaşın bir şəhid bacısı Arəstə Baxışovaya həsr olunmuş videoçarxların nümayişi tədbir iştirakçılarında güclü təsir yaradıb.

Ağdaş Rayon İcra Hakimiyyətinin  məsul işçisi Möhlüd  Hacıxanov və rayon Gənclər  və İdman İdarəsinin rəisi Azad Gözəlov öz çıxışlarında Ali Baş Komandan İlham Əliyevin müharibənin gedişatı haqqında məlumatları birbaşa televiziya vasitəsilə xalqa özünün  çatdırması və bunun  da  xalqda yüksək ruh yaratmasından, yüksək tribunalardan  etdiyi çıxışlardan bəhs ediblər.    

Tədbirin sonunda  “27 sentyabr  - Anım  günü”    adlı sərgiyə baxış keçirilib.