Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayonunda Vətən Müharibəsində qələbənin birinci ildönümünə həsr olunmuş “Zəfər” adlı Musiqi Festivalının 2-ci turuna start verilib.

21.10.2021

2021-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün və şanlı Qələbənin qeyd olunması,  həmçinin regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə şagirdlərinin iştirakı ilə “Zəfər” adlı musiqi Festivalı keçirilir.

Festivalın 1-ci turu 11-15 oktyabr 2021-ci il tarixlərində Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad rayonlarında keçirilib və Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən ümumilikdə 25 uşaq musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə 85  şagirdi iştirak edib.

21 oktyabr 2021-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində Festivalın 2-ci turunun ilk mərhələsi baş tutub. Tədbirdə Habil Əliyev adına Ağdaş şəhər, Ağdaş rayon Ləki qəsəbə, Göyçay, Ucar, Zərdab, Şamaxı və Qəbələ şəhər uşaq musiqi və incəsənət məktəblərinin 2-ci tura vəsiqə qazanmış şagirdləri iştirak ediblər.

Festival qaliblərinin yekun Qala konserti və mükafatlandırılması mərasiminin “Zəfər” günü ərəfəsində Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.