Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş rayon Mərkəzi kitabxanasında “Zəfərə aparan yol –milli və dini həmrəylik” mövzusunda görüş keçirilib.

21.10.2021

21.10.2021-ci il tarixdə Ağdaş rayon  Mərkəzi kitabxanasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağdaş bölməsinin birgə təşkilatçılığı ilə  gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Qarabağ uğrunda gedən Vətən Müharibəsinin qəhrəmanları, qaziləri ilə tanış etmək məqsədilə “Zəfərə aparan yol –milli və  dini həmrəylik” mövzusunda   görüş keçirilib.

Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə MKS-nin direktoru Seyfəddin Feyzullayev açaraq  bildirib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbə döyüş meydanında tökülən qanlar hesabına olmuşdur. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. 

   Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin Ağdaş bölməsinin sədri  Asif Ədilov və qurumun əməkdaşı Vüsal Hüseynov çıxışlarında mənfur qonşularımızın hərbi təcavüzünə qarşı igid oğullarımızın mərdliklə vuruşduqlarını, vətən yolunda minlərlə gəncimizin canından keçdiyini, Qarabağ müharibəsi alovundan sağ qalan döyüşçülərimizin tanıdılmasınını və onlara daim xüsusi diqqət və ehtiram göstərilməsinin vacibliyini  vurğulayıblar. 

     Tədbirdə nümayiş etdirilən 44 günlük Vətən müharibəsinin xronikasını əks etdirən videoçarx ştirakçıların marağına səbəb olub. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda II  Vətən  müharibəsində iştirak etmiş qazilər Ayxan Hacıyev, Zahid Cəfərli, Elvin Məmmədov, döyüşçülər Pərvin Məmmədov, Ramin Musayev, Ziyad Məmmədov   çıxışlarında döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrət onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyiblər. Şəhid ataları Azər Osmanov və Elton Nəbiyev çıxışlarında şəhidliyin ən uca zirvə olduğunu bildiriblər və Allahdan  şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.

      Tədbirin sonunda “Zəfərə aparan yol– milli və dini həmrəylik” adlı sərgiyə baxış keçirilib və qonaqlarla xatirə şəkilləri çəkilib.