Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ağdaş Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“TOXUNULMAZ SƏRVƏTİMİZ – BU ANA DİLİMİZDİR.Zərdab rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilmişdir.

29.03.2018

Fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ölkəmizdə də Ana dilinin qorunması və inkişafı istiqamətində ciddi addımlar atılır. Zərdab rayon Heydər Əliyev Mərkəzində təşkil olunan “Toxunulmaz sərvətimiz-bu ana dilimizdir” mövzusunda keçirilən dəyirmi masada bu barədə müzakirələr aparılıb.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və güclü vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, eləcə də soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa da imkan yaradır. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il fevralın 21-də qeyd olunan Beynəlxalq Ana Dili Günü də ana dilini qorumaq, hər bir ölkənin ictimai-siyasi həyatında doğma dilin rolunu artırmaq məqsədi daşıyır. Zərdab rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan dilinin zənginliyindən, doğma dilimizə dövlət dəstəyindən söhbət açıldı. Mərkəzin direktoru Könül Rəhimova bildirdi ki, Azərbaycan dili yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. Bu gün Ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısı hiss olunur. Ölkəmizdə 2012-ci ildə qəbul edilən Dövlət proqramı da dilin inkişafı istiqamətində atılan məqsədyönlü addımlardandır. Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova və digər çıxış edənlər bildirdilər ki, ana dilimiz daim inkişaf mərhələləri keçib, dilimizin saflığı həmişə qorunub. Tədbir iştirakçıları Azərbaycan dilinin təbliği və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin vacibliyindən danışdılar. Sonra Zərdab rayon 1 saylı litsey-məktəbin şagirdləri ilə birgə ana dili ilə bağlı müxtəlif mövzularda diskussiya aparıldı.